BLOQTVAZ

Новостной портал Азербайджанцев России

«Böyük Sərkərdə»

Dünya tarixində tətbiq etdiyi hərbi taktika və strategiyası ilə döyüşün gedişini öz xeyirinə dəyişən görkəmli sərkərdələr çox olub.Onların seçdiyi taktika məğlub olmaq ərəfəsində olan hərbi qüvvələri belə sonda savaşın qalibi edib.Bir çox məşhur sərkərdələr var ki,onların hərb sənətinə gətirdiyi taktikalardan bu günün hərbi əməliyyatlarındada uğurla istifadə edilir.Belə,boyük və görkəmli sərkərdələrdən biri də məşhur azərbaycanlı general Əliağa Şıxlinskidir.

Əliağa Şıxlinski 1865-ci ilin mart ayının 3-də Gəncə quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur.Anası Şah Yasəmən xanım Azərbaycan ədəbiyyatının unudulmaz nümayəndələrindən biri olan məşhur şairimiz Molla Vəli Vidadinin nəvəsi olmuşdu.
1883-cü ildən orduda hərbi xidmətə başlayan gənc Əliağa hərb sənətinin sirlərini dərindən öyrənməyə çalışırdı.Hərb sənətinə olan böyük marağı onu Peterburq Artilleriya məktəbinə gətirib çıxardır.1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirir.Ə.Şıxlinski 1904-1905- ci illərdə baş vermiş rus-yapon muharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmuşdu.Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə «Qızıl qılınc» mükafatı ilə təltif olunmuşdu.Rus-yapon müharibəsindən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı bir hərbçi kimi dərs deməyə başlamışdı.O,1908-ci ildə polkovnik rütbəsi almışdı.Onun yazdığı ‘’ Səhra toplarının cəbhədə işlədilməsi’’ əsəri hərb elminin dərindən mənimsənilməsi üçün önəmli bir dərs vəsaitidir.Böyük sərkərdənin «Şıxlinski üçbucağı» və «Şıxlinski formulu»adlı hərbi-taktiki yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilmişdir

Ə.Şıxlinski hərb sahəsindəki fəaliyyətinə görə 1912-ci ildə general-mayor rütbəsi almışdı. O, Azərbaycanın ilk hərb generallarından biri olmuşdu.1914-1918-ci illərdə baş verən 1-ci Dünya müharibəsi zamanı  Çar Rusiyasının paytaxtı olan Petroqrad(Peterburq) şəhərinin toplarla müdafiəsi Çar 2-ci Nikolay tərəfindən general Əliağa Şıxlinskiyə tapşırılmışdı.Bir müddət sonra o,Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi və 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu.
1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyulur.Bu hadisədən sonra Ə.Şıxlinski doğma vətəninə qayıdır.O yenidən müstəqilliyini qazanmiş olkəsinin milli-mudafiə qüdrətinin artırılmasına və milli ordumuzun yaradılmasına öz töhfəsini vermişdi.1918-ci il dekabr ayının 25-də yaradılmış olan 3-cü hökümət kabinetində general-leytenant Səməd bəy Mehmandarov hərbi nazir,general-leytenant Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin olunmuşdu.1920-ci il aprelin 28-də Rusiya imperiyasının  11-ci Qızıl ordusu Azərbaycanı işğal etdi.Bu hadisədən sonra isə Azərbaycan ordusu dağılmağa başladı.İşğaldan sonra ölkəmizdə sovet hakimiyyəti quruldu.O,zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan Nəriman Nərimanovun Leninə etdiyi xahişdən sonra iki məşhur generalımıza toxunulmadı və onların hər ikisi paytaxt Moskvada Baş qərargahda işlə təmin olundular.
1924-cü ildə Ə.Şıxlinski Birləşmiş Hərbi Komanda Heyəti məktəbinə rəis müavini təyin edilmişdi.O,hərb sahəsində göstərdiyi böyük xidmətlərinə görə bir çox orden və medallarla təltif olunmuşdu.1928-ci ildə o,’’ Rusca-Azərbaycanca qısa hərbi lüğət’’kitabını çap etdirmişdi.Bu xidmətinə görə Şıxlinski SSRİ Hərbi İnqılab Şurasının Fəxri Fərmanı ilə təltif edilmişdi.
Ə.Şıxlinski 1929-cu ildə istefa verərək SSRİ ordusundan çıxmışdır.Böyük sərkərdə ömrünün sonuna kimi Azərbaycanda hərbi diviziyaların yaradılmasında və hərbi sənədlərin hazırlanmasında yaxından iştirak etmişdi.
Böyük sərkərdə,»Rus Artilleriyasının Allahı»adlandırılan,məşhur generalımız olan Ə.Şıxlinski 1943-cü ildə vəfat etmişdir.
Əliağa Şıxlinski öz hərbi bacarığı və istedadı ilə daim xalqımızın adını uca etmiş və öz xidmətləri ilə adını Azərbaycanımızın hərb tarixinə «Qızıl hərflərlə» yazdırmışdır.
Odlar yurdu Azərbaycanımızın igid oğul və qızları Ə.Şıxlinskinin xidmətlərini heç bir zaman unutmayacaq və hər zaman öz qəlblərində yaşadacaqdır.Ruhun şad olsun ‘’Böyük sərkərdə’’.

                                         Ölüm sevinməsin qoy…Ömrünü vermir bada.
                                          El qədrini canından daha əziz bilənlər,
                                          Şirin bir xatirə tək qalacaqdır dünyada, 
                                         Sevərək yaşayanlar,sevilərək ölənlər.

                                 Müəllif : Əliyev Fərman Ceyhun oğlu.

Поделиться

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *